Paulu Dibala “Yuventus”la müqavilə müddətini yeniləməmək qərarına gəlib. İtaliya mətbuatının məlumatına görə, 28 yaşlı argentinalı hücumçunun nümayəndələri artıq onunla maraqlanan klubların rəhbərliyi ilə görüşlərə başlayıb. Bir müddət əvvəl Dibala ilə “İnter” və “Atletiko”nun maraqlandığı haqda məlumatlar yayılsa da, artıq bu siyahı daha da genişlənib. Paulunu transfer etmək istəyən klublar arasında PSJ-nin də adı hallanır. Dibalanın menecerləri bu klubun rəhbərliyi ilə görüş keçirib. Xatırladaq ki, “Yuventus” argentinalıya ilə 6-7 milyon avroluq məvaciblə yeni müqavilə təklif etsə də, futbolçu onu imzalamaqdan imtina edib. Paulu Turin klubunun rəsmilərinə ilə 11 milyon avro qazanmaq istədiyini söyləyib. Bu isə “Yuventus”un danışıqları dayandırmasına səbəb olub.

PSJ-dən söz düşmüşkən, Paris klubu mövsümün sonunda “Barselona”dan ayrılacağı gözlənilən Usman Dembeleni də transfer etmək istəyir. İspaniya mətbuatının məlumatına görə, hətta “Barsa” rəhbərliyi fransalı cinah hücumçususun vətəninə köçəcəyinə də əmindir. Məsələ ondadır ki, Dembele hazırda İspaniya klubunda özünü çox yaxşı hiss edir. Sadəcə, onun meneceri klub rəhbərliyi ilə razılığa gəlməkdə maraqlı deyil. O, Usmanı daha yaxşı şərtlərə başqa kluba keçirməkdə maraqlıdır. “Barselona” isə Dembeleyə daha yüksək məvaciblə yeni müqavilə təklif etmək fikrində deyil. Xatırladaq ki, fransalı futbolçu bu mövsüm bütün turnirlərdə keçirdiyi 21 oyunda 2 qol və 2 məhsuldar ötürməylə yadda qalıb.